Çərşənbə axşamı , Dekabr 6 2016
Əsas / Xəbərlər / ADPU-da imtahanlarla bağlı son qərar – RƏSMİ AÇIQLAMA
ADPU-da imtahanlarla bağlı son qərar - RƏSMİ AÇIQLAMA
ADPU-da imtahanlarla bağlı son qərar - RƏSMİ AÇIQLAMA

ADPU-da imtahanlarla bağlı son qərar – RƏSMİ AÇIQLAMA

Son günlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri arasında imtahanlara bağlı gəzən şayiələrə görə “Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzi” məlumat yayıb. 

fraqment.az həmin məlumatı təqdim edir:

Əziz tələbələr!
Bir neçə gün öncə sosial şəbəkələrdə ADPU “Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzi” adından ADPU-da imtahanların keçirilməsi qaydaları barədə məlumat verilmişdir.

Məlumat üçün bildirmək istəyirik ki, ADPU “Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzi” olaraq biz aşağıda diqqətinizə çatdıracağımız məlumatdan başqa əvvəllər heç bir mənbədə ADPU-da imtahanların keçirilməsi qaydaları barədə məlumat yaymamış və heç kimə bizim adımızdan məlumat verməsi üçün icazə verməmişik.

Bizim adımızdan və bizdən xəbərsiz belə bir məlumat yayaraq tələbələrimiz arasında narahatlıq və çaşqınlıq yaradan insanların bu hərəkətini şiddətlə qınayaraq tələbələrimizin bu kimi hallara qarşı həssas və diqqətli davranmalarını təmənni edirik.

Bütün bunları və tələbələrimizin çox saylı müraciətlərini nəzərə alaraq 2016/2017-ci tədris ilində ADPU-da tələbələrin biliklərinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş qaydaları diqqətinizə çatdırmaq istəyirik.

Əziz tələbələr!
ADPU “Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzi” olaraq bildirmək istəyirik ki, məsuliyyət sahibi olan cəmiyyət üzvlərinin yetişdirilməsi müəllim peşəsinin hazırlanması ilə birbaşa bağlıdır. Bu səbəbdən də müasir dövrdə müəllimlik peşəsinə sahib kadrların hazırlanmasının hədəfləri və məzmunu diqqətlə təkrar gözdən keçirilməlidir.

Bu günün tələbələri, sabahın isə müəllimləri olan Sizlərin gələcəkdə dərs keçdikləri sinifdə qarşınıza çıxa biləcək həqiqətlərə və reallıqlara uyğun hazırlanmaları bu sahədəki kadr hazırlığında ən əsas strateji nöqtəni təşkil edir. Bu mənada bu gün ADPU-da da pedaqoji kadr hazırlığını yeni dövrün tələblərinə uyğunlaşdırmaq və müəllimlik peşəsinə yiyələnəcək kadrların təhsillərinin gələcəyin ehtiyaclarına cavab verə biləcək şəkildə yenidən təşkil edilməsi lazımdır.

Tədris prosesinin əsas mərhələlərindən biri də şübhəsiz ki, tələbələrin biliyinin qiymətləndirilməsi və tədris olunan fənlərin hansı səviyyədə mənimsənilməsi göstəricisinin müəyyyən olunmasından ibarətdir.

Hazırda ADPU-da tətbiq olunan semestr imtahanların forması öz çatışmamazlıqları ilə tələbələrin həqiqi bilik və bacarıqlarını ölçmək qabiliyyətinə malik deyil. Məlum olduğu kimi 2006/2007-ci tədris ilindən başlayaraq ADPU-da kollokvium, semestr və dövlət imtahanları test üsuluyla aparılmışdır.

2011/2012-ci tədris ilinin yaz imtahan sessiyasından başlayaraq isə ADPU-da 2 mərhələli yekun imtahan formasından istifadə olunmuşdur. Bu sistemə görə çox yaxşı və əla qiymət almaq istəyən tələbə eyni fəndən iki dəfə imtahan verməli olur. Bu həm də tələbələrin imtahan yükünü daha da artırır. Bu səbəbdən də tələbələrin çox böyük əksəriyyəti bu imtahanda iştirakdan imtina edirlər və nəticədə əlaçı tələbələr aldıqları təqaüddən bu imtahan sisteminə görə məhrum olublar.

Uzun illərdir ki, universitetdə tətbiq olunan VTS-Test imtahanları tələbələrin oxuma və öyrənmə vərdişlərini itirmələri, lazım olan biliyi öyrənmək əvəzinə testlərin cavablarını əzbərləmə kimi əzbərçilik vərdişinin formalaşması, həqiqi biliyin əldə edilməməsi və s. kimi öz mənfi təsriləri ilə yaddaşlarda qalacaqdır.

Bundan başqa imtahan nəticələrinin real bilikləri əks etdirməməsi, məzunlarda öz fikir və düşüncəsini ifadə edə biləcək bacarığı formalaşdırmaması, Dövlət imtahanlarında yüksək nəticə göstərmələrinə baxmayaraq məzunların işə qəbul ilə bağlı keçirilən imtahanlarda çox aşağı nəticə göstərmələri və s. bu imtahan qaydalarının təkrar gözdən keçirilməsi zərurətini yaratmışdır. Çünki bu imtahan forması müasir məktəblərin tələbi olan müasir, uğurlu məzunun əldə olunması üçün bir sıra kompetensiyaları ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil. Nitq, yazı vərdişləri, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən imtahan sisteminin tətbiqi yüksək ixtisaslı kadrların hazırlanması üçün daha yaxşı nəticələr verəcəkdir.

2016/2017-ci tədrsi ilindən etibarən tələbələrin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin movcud sistemini təkmilləşdirmək, qiymətləndirmənin səmərəliliyini artırmaq və qüvvədə olan mövcud qaydalara uyğunlaşdırılmasına nail olmaq üçün bəzi yeniliklərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Belə ki, 2016/2017-ci tədrsi ilindən etibarən:

1) Birinci kursa yeni qəbul olunan tələbələrin biliklərinin qiymətləndirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli və 1060 №-li əmri ilə təsdiq olunmuş “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun təşkil ediləcəkdir.

2) Birinci kursa qəbul olunan tələbələrin biliklərinin qiymətləndirilməsi üçün aralıq yoxlamalar (kollokvium və s.) və yekun imtahanlar yazılı formada həyata keçirəcəkdir.

3) AMİ-nin ADPU-ya qoşulması nəticəsində hazırda təhsillərini ADPU-da davam etdirən tələbələrin biliklərinin qiymətləndirilməsi qaydalarında hər hansı bir dəyişiklik edilməmiş və bu tələbələrin biliklərinin qiymətləndirilməsi əvvəllər olduğu kimi yazılı formada həyata keçiriləcəkdir.

4) II, III, IV və V kurslarda təhsil alan tələbələrin biliklərinin qiymətləndirilməsi formasında hər hansı bir dəyişiklik nəzərdə tutulmamışdır.

5) II, III, IV və V kurslarda təhsil alan tələbələrin əvvəllər tətbiq olunduğu kimi imtahanaqədərki bilikləri və final imtahanları VTS-Test sistemi vasitəsilə qiymətləndiriləcəkdir.

6) VTS-Test sistemi vasitəsilə imtahan verən tələbələrin toplaya biləcəkləri ən yüksək bal 70 bal ola biləcəkdir.

7) VTS-Test sistemi vasitəsilə imtahan verən tələbənin yüksək bal toplaya bilmələri üçün ikinci dəfə yazılı imtahan verməsi nəzərdə tutulmamışdır.

8) Öz arzularına görə çox yaxşı (81-90 bal) və əla (91-100 bal) qiymət almaq istəyən tələbələrin birbaşa yazılı imtahanda iştirakları nəzərdə tutulmuşdur.

9) II, III, IV və V kurslarda təhsil alan tələbələrin də arzu etdikləri təqdirdə test imtahanından imtina edib birbaşa yazılı imtahanlarda iştirak etmələri nəzərdə tutulub. Belə olan halda bu tələbələrin final imtahanında toplaya biləcəkləri ən yüksək bal 50, yekun balları isə 100 bal ola biləcəkdir.

10) II, III, IV və V kurslarda təhsil alan tələbələrin yazılı formada keçirilən imtahanlarda iştirakları ancaq onların öz istəkləri və ərizələri əsasında mümkün ola biləcəkdir.

11) Final imtahanının yazılı formada keçirilməsi üçün tələbələrin öz dekanlıqlarına əvəlcədən ərizə ilə müraciət etməsi tələb olunur.

12) İmtahanların yazılı formada keçirilməsi üçün müraciət etmiş tələbənin sonradan yazılı imtahandan imtina etməsinə və VTS-Test sistemi vasitəsilə imtahan verməsinə icazə verilməyəcəkdir.

13) Bütün hallarda II, III, IV və V kurslarda təhsil alan tələbələrin imtahanaqədərki bilikləri (kollokviumlar) VTS-Test sistemi vasitəsilə qiymətləndiriləcəkdir.

14) Çox yaxşı və ya əla qiymət almaq üçün final imtahanını yazılı formada vermək istəyən tələbələrin də imtahanaqədərki bilikləri (kollokviumları) VTS-Test sistemi vasitəsilə qiymətləndiriləcəkdir.

15) Kredit borcu (kəsirləri) ilə bağlı alt qruplarda dərslərdə iştirak edən tələbələrin bilikləri həmin qrupda nəzərdə tutulan formada qiymətləndiriləcəkdir. Məsələn, kredit borcu səbəbindən birinci kursların dərsində iştirak edən II, III, IV və V kurs tələbəsinin həmin fənn üzrə biliyi birinci kurslar üçün nəzərdə tutulan qaydada qiymətləndiriləcəkdir. Əgər yuxarı kursun tələbəsi kredit borcu olan fənni II və ya III kurslarla birlikdə dinləyirsə o zaman bu tələbənin biliyi də o fənn üzrə nəzərdə tutulan formaya uyğun, yəni VTS-Test sistemi tətbiq edilməklə qiymətləndiriləcəkdir.

ADPU “Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzi” gündəlik fəaliyyətində Azərbaycan Respublikasınında qüvvədə olan mövcud normati-hüquqi aktlara, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarına istinad edir.

Növbəti mərhələlərdə zərurət yarandıqda daha ADPU-da tədrisin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi, tələbələrin fənlər üzrə imtahanlarının təşkili, imtahan sessiyaları və s. haqqında məlumatlar ətraflı şəkildə tərəfimizdən bildiriləcəkdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzi

FRAQMENT.AZ

Haqqında admin

Həmçinin Oxu

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin party-sinə qatıldı

fraqment.az|Pedaqoji Universitetdə Rektor tələbələrin şənliyinə qatıldı

ADPU TGT-in təşkilatçılığı ilə ADPU-nun 95 illiyinə həsr olunan şənlik keçirilmişdir. Şənlikdə universitetin rektoru Cəfər Cəfərov …

Bir cavab yazın

Hey there!

Sign in

Forgot password?
Close
of

Processing files…